CƏMİYYƏT
Balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat vəsait sərf olunub
Bakı, 17 fevral, AZƏRTAC
Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir.
Ötən il ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat və ya 2016-cı illə müqayisədə 5,9 faiz çox vəsait sərf olunub. Həmin vəsaitin 91,8 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,2 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2017-ci ildə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 milyon balıq körpələrinin 423,1 milyonu çəkikimilərin, 8,4 milyonu nərəkimilərin, 5,5 milyonu bitki ilə qidalanan balıqların və 0,2 milyonu qızılbalıqların payına düşüb.