ELM VƏ TƏHSİL
Balıqların helmintlərinə nanozərrəciklərin tətbiqi zamanı əmələ gələn patomorfoloji dəyişikliklər öyrənilir
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun elmi işçiləri “Mingəçevir su anbarında və Qəbələ rayonunun xüsusi balıqçılıq təsərrüfatlarında balıqlara və onların helmintlərinə nanozərrəciklərin tətbiqi zamanı əmələ gələn patomorfoloji dəyişikliklərin öyrənilməsi” tədqiqat işinin yerinə yetirilməsi məqsədilə Qəbələ rayonu ərazisinə xüsusi forelçilik təsərrüfatlarına təşkil olunan ekspedisiyada iştirak ediblər. Ekspedisiya zamanı müxtəlif yaş qruplarından olan əlvan forel balıqları tam parazitoloji yarma üsulu ilə tədqiq edilib. Onlarda infuzor, monogenetik sorucu, tikanbaşlı qurd və balıqların öd kisəsinin divarlarında nematod yumurtaları aşkar edilib. Bütün materiallar toplanaraq laboratoriyaya gətirilib. Tədqiqatlar davam etdirilir.