CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib
Bakı, 25 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan məlumatda texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlərin paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı, paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (“Sədərək” ticarət mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müasir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.
Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə texniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.