CƏMİYYƏT
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində silahlı şəxslər saxlanılıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman “Makarov” markalı tapança, bir daraq və beş patron aşkarlanaraq götürülüb.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı “TOZ-17” modelli silah və müxtəlif kalibrli 491 patron aşkarlanaraq götürülüb. Fərid Əbdürəhimov, həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı “Naqan” markalı tapança, 41 patron və 1 tüfəng aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.