SİYASƏT
Baş Prokurorluq: Gəncədə istintaq-əməliyyat tədbirləri həyata keçirilir
Bakı, 17 oktyabr, AZƏRTAC
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinləri arasında xəsarət alanlar olub və mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.