CƏMİYYƏT


Baş infeksionist: Peyvəndin üçüncü dozası risk qrupunda olanların daha etibarlı qorunmasına kömək edəcək

Bakı, 13 oktyabr, AZƏRTAC

Yanvarın 18-dən etibarən Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə başladılan vaksinasiya prosesi mərhələli şəkildə həyata keçirilir. Əvvəlcə tibb işçiləri, 65 yaşdan yuxarı insanlar, sonra 50 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparıldı. Buna səbəb risk qrupları arasında ağırlaşma və ölüm hallarının azaldılması idi. Daha sonra isə peyvəndlənmə prosesinə cəlb olunacaq yaş hədləri getdikcə azaldıldı. Araşdırmalara görə, peyvənddən 6-8 ay sonra immunitetin zəifləməsi qeydə alınır. Ona görə də bir sıra dünya ölkələri risk qrupunda olan vətəndaşların təkrar vaksinasiyasını irəli sürürlər ki, onlarda əmələ gələn immunitet daha da güclənsin. Tədqiqatlara əsasən, üçüncü doza immuniteti 5-10 dəfə gücləndirir. Səhiyyə Nazirliyi də hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü doza ilə peyvəndlənməyə çağırır.

Payız-qış mövsümü respirator xəstəliklərin, o cümlədən COVID-19-un yayılması üçün əlverişli dövrdür. Hazırda hakim mövqe tutan “delta” ştamı mövcud vaksinlərdən yayınma qabiliyyətinə malikdir. Ona görə də risk qruplarının orqanizmlərini bir qədər gücləndirmələri tələb olunur. Üçüncü doza isə həmin kateqoriyadan olanların daha etibarlı qorunmasına kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, son günlər koronavirusa yoluxma rəqəmlərində dalğalanma qeydə alınır. Kifayət qədər yumşalma tədbirlərinin tətbiqi, havaların soyuması, qapalı məkanlarda kütləvi toplanma və təmas hallarının artımı bir qədər enən yoluxma faktlarının yenidən 1000-i keçməsinə səbəb olub. Burada əsas amillərdən biri kimi “delta” ştamının daha çox yoluxucu olduğunu da unutmamalıyıq. Lakin yoluxmaqdan qorunmaq üçün pandemiyanın əvvəlindən dönə-dönə təkrarlanan qızıl qaydalara əməl etmək və vaksinasiyada aktiv iştirak etmək vacibdir. Ölkəmizdə peyvəndləmə prosesi sürətlə aparılsa da, hələ də tələb olunan həddə çatmamışıq. Azərbaycanda vaksinasiyadan keçməyən və hətta xəstəliyi keçirməyənlərin sayı kifayət qədərdir. Buna görə də rəqəmlərdə dalğalanmaların olması gözləniləndir. Lakin yoluxma hallarında az da olsa, artımın müşahidə edilməsi narahatlıq doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.