SİYASƏT


Baş katib: İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünü hər zaman pisləyib

Bakı, 24 sentyabr, AZƏRTAC

İlk olaraq, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT-in bu görüşündə iştirak etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bu İƏT üçün Azərbaycan Respublikası ilə öz həmrəyliyini və ona davamlı dəstəyini bir daha nümayiş etdirmək, eləcə də bu böhranın sülh yolu ilə nizamlanmasına töhfə vermək üçün bir imkandır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt Qrupunun görüşündəki çıxışında deyib.

O qeyd edib ki, İƏT bu böhranı 1992-ci ildən etibarən izləyir. İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Ermənistanın Azərbaycan ərazilərinin böyük hissəsinin işğalını qeyri-qanuni hesab edib və öz etirazını bir çox platformalarda bildirib. İƏT-ə üzv dövlətlər bir daha bu məsələdə öz maraqlarını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə, Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağırış etmişlər.

Baş katib deyib: “İƏT Ermənistanın təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycanın bütün səylərini, həmçinin Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular ilə bağlı ətraflı hesabatların dərc edilməsini dəstəkləyir. İƏT-in Ümumi Katibliyi Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərin əziyyətlərini dərin narahatlıqla izləyir. İƏT Katibliyi, üzv dövlətlərinə və onların müvafiq orqanlarına Azərbaycanda zərər çəkənlərə lazımi maddi və humanitar yardımın göstərilməsinə dair çağırış edib.

Dağlıq Qarabağ münaqişəsinin hər zaman ədalətli və sülh yolu ilə həll edilməsinə çağıran İƏT bu xüsusda bütün səyləri və təşəbbüsləri təşviq edir. İƏT Kontakt Qrupunun bu məsələyə lazımi əhəmiyyətin verilməsi üçün israrlı təkidi ilə, sonuncu görüşlərdən keçən müddət ərzində bizim Azərbaycana dəstək və həmrəyliyimiz, eləcə də istər BMT Baş Assambleyası, istərsə də İƏT qətnamələrinin yerinə yetirilməsi istiqamətində səylərimiz yenidən nəzərdən keçirildi.

Xüsusilə vurğulanmalıdır ki, 2019-cu ilin may ayında Məkkə şəhərində keçirilmiş İslam Zirvə Görüşü Konfransının 14 sessiyasında Kontakt Qrupunun görüşləri təqdirəlayiq hesab edilib və onun fəaliyyətinə tam dəstək ifadə olunub.

Ümid edirəm ki, bugünkü müzakirələrimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmağa vadar etmək məqsədilə İƏT üzv dövlətlərinin kollektiv və individual səyləri üzrə tövsiyə və təkliflərə dair razılığın əldə olunması üçün şərait yaradacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.