SİYASƏT
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
Kiyev, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Belarusda yaşayan azərbaycanlılar, diaspora üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov tədbirdə çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. “Heydər Əliyevin xalqımızın müstəqil dövlət yaratmaq arzusunu reallığa çevirdi. Ulu Öndər öz xalqını müstəqillik zirvəsinə qaldırdı və bu zirvədə xalqı ilə birlikdə dayana bildi. Bu gün Azərbaycan Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib”,- deyə diplomat vurğulayıb.
Tədbirdə, həmçinin Belarus Azərbaycan İcmaları Konqresinin idarə heyətinin üzvü Rövşən Əliyev, “Qobustan” cəmiyyətinin sədri Baxşı Qənbərov və “Sarı gəlin” rəqs qrupunun rəhbəri Olesya Kosoykina çıxış ediblər.
Ulu Öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalandığını və Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğunu xatırladan səfir bununla Heydər Əliyev tərəfindən müasir Azərbaycanın iqtisadi inkişafının möhkəm təməllər üzərində qurulduğunu bildirib.
Qeyd olunub ki, müasir Azərbaycanın iqtisadi yüksəlişinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatlar Heydər Əliyev vəsiyyətlərinin uğurla yerinə yetirilməsinin təntənəsidir.
Sonda Ulu Öndərin azərbaycançılıq ideologiyasından, xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqətindən bəhs edən “Heydər Əliyev-dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk