CƏMİYYƏT
Bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz əməllər törətmiş şəxslə bağlı istintaq tədbirləri davam etdirilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törətməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
İsmayıllı Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumatda bildirilib ki, həmin tədbirlərdən biri kimi, İsmayıllı rayonunun Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin həmin vəzifədə işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.