REGİONLAR
Bərdə Günərzi Qayğı Mərkəzi uşaqların hərtərəfli inkişafına yardım göstərir
Bərdə, 3 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beynəlxalq Əlillər Günü münasibətilə Bərdə şəhərində fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzi “Sən tək deyilsən” adlı tədbir təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin nümayəndələrinin, körpələr evlərinin kollektivlərinin, orta məktəblərin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə Bərdə Günərzi Qayğı Mərkəzinin rəhbəri Aygün Hüseynova çıxış edərək, təlim-tərbiyə müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Bərdə Günərzi Qayğı Mərkəzi “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında “İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində 2014-cü ildən fəaliyyət göstərir. Günərzi Qayğı mərkəzlərinin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların inkişafına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsinə, yaşayış səviyyəsi aşağı olan ailələrə və uşaqlara dəstək verməkdir. Belə mərkəzlərdə uşaqların qavrama, emosional və fiziki inkişafına, əlilliyi olan uşaqların təhsil hüquqlarının reallaşmasına, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərinin inkişafına yardım göstərilir.
Rayon icra hakimiyyətinin nümayəndəsi Asif Abbasov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova, Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin əməkdaşı Könül Hüseynova və başqaları çıxış edərək, ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyi olan insanlara göstərilən dövlət qayğısından bəhs edib, uşaqlara təhsildə müvəffəqiyyətlər arzulayıblar.
Uşaqların hazırladığı bədii proqram, təqdim olunan səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Günərzi Qayğı Mərkəzinin uşaqlarına hədiyyələr təqdim olunub.