REGİONLAR
Bərdə və Ağcabədi rayonlarında buraxılış (qəbul) imtahanları 14 binada təşkil edilib
Bərdə, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyulun 2-də Bərdə və Ağcabədi rayonlarında keçirdiyi ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanlar bu rayonlarda ümumilikdə 14 binada 239 imtahan zalında keçirilib. İmtahanlarda Bərdə rayonu üzrə 1777, Ağcabədi rayonu üzrə 1430 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların təşkil edilməsi üçün bu rayonlarda 39 imtahan rəhbəri, 319 nəzarətçi müəllim, 28 buraxılış rejimini həyata keçirən əməkdaş ayrılıb.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. Müvafiq binalara buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.