CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi 69 əcnəbinin ölkələrinə qayıtmalarına dəstək olub
Bakı, 31 avqust, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ölkəmizdə yaşayan və hazırda vətənlərinə geri qayıtmağa hazırlaşan 69 nəfər Şri-Lanka vətəndaşının koronavirus testindən keçmələrini təşkil edib, test xərclərini ödəyib və onlara sənədləşmə ilə bağlı lazımi kömək göstərib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Şri-Lankadan olan miqrantların qrup lideri Anuruddha Pasiratne son pullarını təyyarə biletlərinə xərclədikdən sonra uçuşdan 48 saat əvvəl verilmiş və yalnız mənfi COVID-19 test nəticəsi göstərilən arayışları olan sərnişinlərin göyərtəyə buraxıldıqlarını öyrəndiklərini söyləyib. O qeyd edib ki, bu insanlar yerli universitetlərin tələbələri və onların ailə üzvləridir. Onlar dörd ay karantin rejimi dövründə evdə qalmalı olduqları və işə gedə bilmədikləri üçün çoxlarının maddi vəziyyətləri ağır vəziyyətdədir. Buna görə PCR testini öz hesablarına ödəyə bilmirlər. Çıxılmaz vəziyyətdə qalan miqrantlar kömək üçün BMqT-nin yerli nümayəndəliyinə müraciət ediblər.
Layihə əlaqələndiricisi İlyas Nəbiyev qeyd edib ki, Şri-Lankanın ölkəmizdə vətəndaşlarına kömək edəcək səfirliyinin olmaması vəziyyəti daha da çətinləşdirib. Bir çoxları artıq təyyarə biletləri aldıqlarından testlərdən keçmək və bəzi miqrasiya sənədləşmə məsələlərini həll etmək lazım olub. Şri-Lankanın İrandakı səfirliyinin müraciətindən sonra BMqT-nin Azərbaycandakı nümayəndəliyi yerli klinikalardan biri ilə PCR testləri aparmaq və nəticələrini bir neçə saat ərzində almaq barədə razılığa gəlib. Müraciət edən bütün miqrantlar uçuşdan bir gün əvvəl bir yerə toplanıb və yerli tibb işçilərinin köməyi ilə onlarla PCR testləri aparılıb. Test nəticələrinin əks olunduğu arayışları həmin gün aldıqdan sonra onları miqrantlara təqdim etmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gediblər. BMqT-nin əməkdaşları nəticələrin mənfi olduğunu təsdiqləyən tibbi arayışları, şəxsi qoruyucu vasitələri aeroportda miqrantlara təqdim edərək onları vətənlərinə yola salıblar.
Həmvətənləri adından BMqT-nin Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirən Şir-Lankadan olan Anuruddha Pasiratne təşkilatın işçilərinin yüksək səviyyədə əlaqələndirilmiş əməkdaşlığı sayəsində bütün miqrantların vətənlərinə təhlükəsiz şəkildə qayıtdıqlarını vurğulayıb.
Şri-Lanka vətəndaşlarına dəstək ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun maliyyələşdirdiyi Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım üzrə regional layihəsi çərçivəsində göstərilib.