MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri “Şur” dəstgahı ilə yenidən sevindirib
Bakı, 24 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri yeni möhtəşəm “Muğam axşamları” layihəsinin ikinci konserti olan “Şur” dəstgahı ilə yenə bir araya toplayıb.
AZƏRTAC xəbər verir ki, gecədə əvvəlcə “Şur” televiziya filmindən fraqment nümayiş olunub. Daha sonra səhnəyə Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar Artist Sevinc Sarıyeva, xanəndələr Aytən Məhərrəmova, Hüseyn Məlikov çıxaraq “Şur” dəstgahı, təsniflər və qəzəllər ifa ediblər. Konsertdə onları “Rast” instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.
Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tamaşaçıların aramsız alqışları bir daha sübut edir ki, günü-gündən muğam dinləyicilərinin sayı artmaqdadır və hətta gənc nəsil belə muğam həvəsindədir. Bütün bunlar Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub və ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivallarının və muğam müsabiqələrinin nəticəsidir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi klassik muğamın təbliğatında böyük rol oynayır. İyunun 30-dək layihə çərçivəsində Azərbaycan muğamları – “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” tanınmış muğam ifaçıları tərəfindən səsləndiriləcək. Layihənin növbəti konserti iyunun 6-da keçiriləcək və “Segah” muğamı səslənəcək.
Layihənin informasiya dəstəyi AZƏRTAC, “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu və “Baku” jurnalına məxsusdur.