CƏMİYYƏT


Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilati, çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu və dünya prokurorlarını eyni qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prokurorluğu ilə qurulmuş sıx əməkdaşlıq məsələlərinin inkişaf perspektivlərinin müzakirəsi məqsədilə IAP-ın icraçı direktoru xanım Yanne Holst baş prokuror Zakir Qaralovun dəvəti ilə ölkəmizə səfər edib.

Səfər zamanı Yanne Holst Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Assosiasiyaya fərdi üzv qəbul edilmiş prokurorluğun gənc əməkdaşları ilə görüşüb.

Tədbirdə baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyev BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və sıralarında 100-dən çox dövləti birləşdirən Assosiasiya ilə Azərbaycan Respublikasının prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələri və göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

Assosiasiyanın yeni üzvləri ilə görüşdə çıxış edən Yanne Holst təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və iş prinsipləri barədə məlumat verib. O, gənc əməkdaşlara xidməti fəaliyyətləri zamanı təşkilatın imkanlarından faydalanmağın yollarını izah edib, onların suallarını cavablandırıb.

Sonda Assosiasiyaya qəbul edilmiş yeni üzvlərə qurumun üzvlük vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.