İQTİSADİYYAT
Beynəlxalq Valyuta Fondu bundan sonra da Azərbaycana texniki yardımın göstərilməsinə hazırdır
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 19-dan mayın 7-dək Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə virtual missiyası öz işinə başlayıb. Bu xüsusda Azərbaycan Mərkəzi Bankında (AMB) BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nataliya Tamirisa ilə videobağlantı formatında görüş keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, 2021-ci il və ortamüddətli dövrə proqnozlar, COVID-19 pandemiyası şəraitində və sonrakı dövrdə pul və maliyyə sabitliyi siyasətlərinin prioritetlərinin müzakirə edilməsindən ibarət olub.
Görüşdə BVF nümayəndələrinə ölkədəki makroiqtisadi və maliyyə sabitliyi üzrə vəziyyət, Mərkəzi Bank tərəfindən 2020-ci il və 2021-ci ilin ilk rübündə həyata keçirilmiş pul və maliyyə sabitliyi siyasətləri və onların nəticələri haqqında ətraflı məlumat verilib. Müzakirələr zamanı qeyd edilib ki, pandemiyanın yaratdığı xarici və daxili təhdidlər şəraitində ölkədə qiymətlər sabitliyi, maliyyə sabitliyi və valyuta bazarının tarazlığı təmin olunub. Pandemiya dövründə həyata keçirilən pul və prudensial siyasətlər makroiqtisadi və maliyyə sabitliyi hədəfləri çərçivəsində iqtisadi aktivliyin dəstəklənməsinə xidmət edib. Belə ki, ötən dövrdə pul siyasəti həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılıb, bir sıra makroprudensial güzəştlər tətbiq edilib.
Görüşdə 2021-ci ilin qalan dövründə pul və maliyyə sabitliyi siyasətləri qarşısında duran vəzifələr və proqnozlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Prezident İlham Əliyev tərəfindən yeni nəsil islahatlara start verildiyi, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyi qeyd olunub.
N.Tamirisa makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib. Vurğulayıb ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya iqtisadiyyatın inkişafına mühüm töhfə verəcək.
Görüşdə missiyanın fəaliyyəti dövründə qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsi və fikir mübadiləsinin aparılmasının zəruriliyi vurğulanıb.