ELM VƏ TƏHSİL
Beynəlxalq elmi seminarda Azərbaycan və Balkan tarixi üzrə məruzələr dinlənilib
Bakı, 25 aprel, AZƏRTAC
Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Neofit Rılski adına Cənub-Qərb Universitetində “Elmi biliklər - muxtariyyət, asılılıq, müqavimət” mövzusunda Balkan tədqiqatları və balkanşünaslıq üzrə XXVIII beynəlxalq seminar keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, elmi seminar Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində təşkil edilib.
Layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.
Beynəlxalq seminarda Azərbaycan, Avstriya, Bolqarıstan, Gürcüstan, Makedoniya, Rusiya, Ukrayna və Moldovanın müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrinin alimləri iştirak ediblər.
Tədbirdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru İradə Bağırovanın “XX əsrin ikinci onilliyində tarixi təlatümlər və onların Azərbaycanda elmi biliklərin inkişafına təsiri. 1914-1917”, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadənin “Azərbaycanda epistemoloji qərbləşmə kontekstində gender tədqiqatları”, Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun “Kommunist rejimində Ezop dili: bolqar alimi Nikola Mavrodinovun bir məqaləsi barədə” mövzularında məruzələri dinlənilib. Azərbaycan alimlərinin ingilis və rus dillərində olan elmi məruzələri beynəlxalq seminarın iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, beynəlxalq tədbirdə Avropa Komissiyasının elmi layihəsi çərçivəsində bir qrup bolqarıstanlı alimin Azərbaycan tarixi üzrə apardığı tədqiqatlarla bağlı elmi məruzələr dinlənilib.
Seminar iştirakçılarına Avropa Komissiyasının elmi layihəsinin sertifikatları təqdim edilib.