ELM VƏ TƏHSİL
Beynəlxalq layihə çərçivəsində müəllimlər üçün təlimatlar
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, Avropa ölkələrindən olan həmkarlarla birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, pandemiya səbəbindən layihəyə yeni qoşulan müəllimlər üçün əyani təlimlərin keçirilməsi mümkün olmayıb. Buna baxmayaraq, müəllimlərin platformadan rahat istifadəsini təmin etmək məqsədilə layihənin rəsmi internet səhifəsində müəllimlər üçün ətraflı videotəlimatlar təqdim olunur. Müəllimlər saytın “Təlimatlar” bölməsinə daxil olaraq bu videolardan faydalana bilərlər - https://etwinningplus.edu.az/instruction. Həmçinin layihə ilə bağlı sual və ya çətinlik yaranarsa, [email protected] e-poçt ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, bu günədək ölkə üzrə 853 məktəbdən 2 min 853 müəllim “eTwinning”ə qoşulub və 3 min 500-dək təhsil layihəsinin reallaşdırılmasında iştirak edib. Layihə çərçivəsində hər il regional və beynəlxalq konfranslar təşkil olunur. Bu konfranslar zamanı yerli müəllimlər xarici həmkarları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etmək şansı qazanırlar. 2020-ci ildə müəllimlər üçün təşkil olunan 51 onlayn təlimdə 1024 müəllim, 6 canlı təlimdə isə 107 müəllim iştirak edib. Bununla yanaşı, avropalı mütəxəssislər tərəfindən onlayn formada təşkil olunan 10 min 307 təlimdə Azərbaycandan 547 müəllim iştirak edib.