CƏMİYYƏT
Biləsuvar rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı və narkotik vasitələrin insan orqanizminə, cəmiyyətə vurduğu zərərli təsirləri özündə əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Sonra çıxış edən Biləsuvar Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib.
Görüşdə sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığı diqqətə çatdırılıb.
Sonra çıxış edən rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin nümayəndələri keçirilən belə profilaktik tədbirlərin, maarifləndirici görüşlərin sağlam gələcəyin təmin olunması məqsədi daşıdığını diqqətə çatdırıblar.