İQTİSADİYYAT
Biləsuvarda yol tikintisi davam edir
Biləsuvar, 22 aprel (AZƏRTAC). Son iki ildə Biləsuvarda 35 kilometr kəndarası yol tikilmişdir. Hazırda rayonda 50 minə yaxın əhalinin istifadə edəcəyi daha 25 kilometrlik yolun inşası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, hazırda rayonun Günəşli–Ağayrı–İsmətli- Aranlı – Çinarlı –Əsgərabad yolunun tikintisi aparılr. 6 kəndin 15 minə yuxarı əhalisini istifadə edəcəyi yolun inşasına ötən ilin sonlarında başlanmışdır. 16 kilometr uzunluğunda olacaq yolda əsaslı tikinti işləri yekunlaşmışdır. Eni 10 metr olacaq yol yatağında hazırda tamamlama işləri gedir və yaxın vaxtlarda asfalt örtüyün qoyulmasına başlanacaqdır.
Altı kilometr uzunluğunda olan Əsgərabad–Muğanlı–Çaylı yolunun tikintisinə isə bu ilin əvvəllərindən başlanmışdır. Biləsuvar dolama yoluna birləşəcək bu yol həm də tranzit və ağır yüklərin şəhərə daxil olmadan daşınmasına imkan verəcəkdir. Layihəyə görə yolun ümumi eni 15 metr nəzərdə tutulmuşdur.
Bolqarçay üzərində 80 metr uzunluğunda körpünün inşası davam etdirilir.