REGİONLAR
Biləsuvarlı gənclər “Azərbaycan Könüllülük Həftəsi”nə qoşulublar
Biləsuvar, 3 dekabr, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, biləsuvarlı gənclər də “Azərbaycan Könüllülük Həftəsi”nin tədbirlərində fəal iştirak edirlər. Könüllü gənclər “VətənimİZ” devizi altında ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra könüllülər rayondakı Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsini gənc nəslə daha dərindən mənimsədilməsi işinə töhfə verilməsi məqsədilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin nümayişi ilə davam edib.