DÜNYA
Binəli Yıldırım Azərbaycan xalqını 44 günlük müharibədə qazanılan qələbə münasibətilə təbrik edib VİDEO
Budapeşt, 15 oktyabr, AZƏRTAC
Budapeştdə keçirilən “Türk dövlətləri və müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Ağsaqqallar Şurasının üzvü, tanınmış türk siyasətçi Binəli Yıldırım iştirak edib.
AZƏRTAC xəbər verir ki, Binəli Yıldırım Türkiyənin Suriya mövzusunda apardığı siyasətdən, Türkiyədə sığınacaq və dinc həyat tapan suriyalı qaçqınlara türk xalqının dəstəyindən, bölgədəki terrorizmə qarşı mübarizədən danışıb.
Binəli Yıldırım keçən il Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, bu qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun rolunu vurğulayıb. O, şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edib, bütün yaralı qazilərə şəfa diləyib. Türkiyənin sabiq baş naziri deyib: “84 milyon türk bütün bu 44 gün ərzində Azərbaycan xalqının yanında olub”.
İndi Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün dağıdılmış əraziləri bərpa edir.
Binəli Yıldırım müharibədən sonrakı Cənubi Qafqazda nəqliyyat dəhlizləri məsələsinə də toxunaraq, onların bərpasından bütün tərəflərin faydalanacağını qeyd edib.
Siyasətçi, bərpa olunan Böyük İpək Yolunun vacibliyini, Türkiyə ilə Azərbaycanın Şərqlə Qərb arasındakı ticarət əlaqələrinin təmin edilməsindəki rolunu da diqqətə çatdırıb. O, həmçinin türkdilli dövlətlər arasında qardaşlığın möhkəmləndirilməsində Türk Şurasının əhəmiyyətini vurğulayıb və Budapeşt siyasətçilərinə bu məsələdə əməkdaşlığa görə təşəkkür edərək, konfransın ev sahibi olan Macarıstanın rolunu xüsusilə qeyd edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt