İQTİSADİYYAT
Binəqədi rayonunda 16,1 kilometr yol təmir olunur VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Üç ayda Binəqədi rayonunda 30 kilometr yol təmir olunub, daha 16,1 kilometr yolun təmiri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı Sərəncama əsasən, agentlik tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirib. Sərəncama əsasən, rayonun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 8,7 milyon manat ayrılmışdı.
Agentlik tərəfindən M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kvadratmetrə yaxındır. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Bunlar Biləcəri qəsəbəsi üzrə T.Yaqubov, Vidadi, İ.Kərimov və M.S.Ordubadi küçələri, Nurlu yaşayış massivi döngə 1, Rəsulzadə qəsəbəsi üzrə O.Hacıbababəyov, C.Cabbarlı və İ.Hacıyev küçələri, Binəqədi qəsəbəsində Seyidlər, İsfahani və C.Cabbarlı küçələri, o cümlədən “Vulkan yolu” və Gülüstan küçəsi döngə 15, Xocəsən qəsəbəsi üzrə R.Allahverdiyev küçəsi və döngələri, Anadolu küçəsi və Xocəsən-Binəqədi yolu 5-ci döngə, “Baksol” yaşayış massivində Daşqınlar küçəsi 10-cu döngə, 28 May qəsəbəsi üzrə isə Şəfəq küçəsidir. Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yeni yol əsası inşa edilib. Daha sonra yeni asfalt-beton örtüyü döşənib.
Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Binəqədi rayonu üzrə təmirə ehtiyacı olan daha 16,1 kilometr uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına başlanılıb. Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Biləcəri qəsəbəsində 8,9 kilometr uzunluğa malik Teymur Yaqubov, Yəhya Hüseynov, Mehdi Hüseynzadə, Xudadat Məlikaslanov, Asəf Zeynallı, M.S.Ordubadi küçəsi 2 və 3-cü döngələr, Rəsulzadə qəsəbəsində ümumi uzunluğu 4,6 kilometr olan 8 Mart, Firdovsi Vəliyev, Cəfər Cabbarlı, M.Ələkbərov, Müqtədir Aydınbəyov və Baksol küçələri, Xocəsən qəsəbəsində isə ümumi uzunluğu 2,6 kilometr olan Yeni Yol küçəsi və Qəbiristanlığa gedən yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Artıq sözügedən layihə çərçivəsində Biləcəri və Rəsulzadə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Rəsulzadə qəsəbəsində Cəfər Cabbarlı küçəsinin təmiri yekunlaşıb, 8 Mart küçəsində isə təmir işlərinə yaxın günlərdə başlanılacaq. Biləcəri qəsəbəsində isə M.S.Ordubadi küçəsi 2 və 3-cü döngələr üzrə aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında əsaslı təmiri nəzərdə tutulan rayon üzrə adıçəkilən digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Binəqədi rayonunda 26,8 kilometr uzunluğunda olan 30-dək küçə və yola asfalt-beton örtüyü döşənib.