CƏMİYYƏT
Binəqədi rayonunda məktəblər arasında respublika çempionatının keçirilməsi qaydaları müzakirə olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən məktəblər arasında respublika çempionatının keçirilməsi qaydaları ilə əlaqədar Binəqədi Gənclər evində iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov çempionat barədə məlumat verib. Bildirib ki, məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək və idman növü üzrə qalib məktəblərin idmançılarının aidiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etmək çempionatın əsas məqsədlərindəndir.
“Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi Aydın Gözəlov məktəblilər arasında bədən tərbiyəsinin və idmanın təbliği baxımından çempionatın əhəmiyyətini vurğulayıb.
İclasda çempionatın qaydaları ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda şahmat, atletika, voleybol (qızlar) və basketbol (oğlanlar) üzrə rayondaxili yarışların püşkü atılıb.