ELM VƏ TƏHSİL
Binəqədidə “Hüquq maarifləndirmə” proqramı üzrə mühazirə dinlənilib
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin ənənəvi “Məlumat saatı” keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Koordinasiya Şurasının hüquqi maarifləndirmə bölməsinin üzvü, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyasında hüquqi islahatların rolu” mövzusunda mühazirəsi dinlənilib.
Professor Ə.Əliyev bildirib ki, Azərbaycan beynəlxalq cəmiyyətin tamhüquqlu müstəqil subyekti kimi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib. İnsan hüquqları amilinin ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil etdiyini deyən natiq həmin dövrdə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayan Ə.Əliyev həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yürüdülən siyasətdən söz açıb. O, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətinin dövlətimizin hərtərəfli inkişafına, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə, beynəlxalq əlaqələrin daha da inkişafına əvəzedilməz töhfə verdiyini söyləyib.
Dinləyicilər alimin çıxışını yüksək dəyərləndirib, Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda dəyişikliklərlə bağlı mühazirələrin təşkilinə böyük ehtiyac duyduqlarını bildiriblər.
Sonda suallar cavablandırılıb.