ELM VƏ TƏHSİL
Biofizika İnstitutunda postpandemiya dövrünə dair təkliflər hazırlanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib. Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə təşkil olunan iclasda şuranın əksər üzvləri onlayn iştirak ediblər.
Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, şuranın sədri, akademiyanın müxbir üzvü Oktay Qasımov gündəlikdəki məsələlər barədə məlumat verib. O, institutda pandemiya ilə mübarizə və postpandemiya dövründə qarşıda duran vəzifələrə dair təkliflər hazırlandığını, konkret vəzifələrin müəyyənləşdirildiyini bildirib. Diqqətə çatdırıb ki, institut hüceyrə texnologiyalarının yaradılması proqramını hazırlayıb.
Daha sonra müəssisə əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsi müzakirə edilib.
Sonda institutda doktorantura təhsilinin yaradılması məsələsi müzakirə olunub, təkliflərin hazırlanaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə göndərilməsi qərara alınıb.