ELM VƏ TƏHSİL
“Biogeosenozların radioekoloji aspektləri” monoqrafiyası çapdan çıxıb
Bakı, 31 mart, AZƏRTAC
“Elm” nəşriyyatında akademik Cəlal Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov və AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin həmmüəllifi olduqları “Biogeosenozların radioekoloji aspektləri“ monoqrafiyası çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrin elmi redaktoru akademik Adil Qəribov, rəyçiləri Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü P.Aleksaxin, Tatarıstan Elmlər Akademiyasının müxbir üzvü P.İlyazov və professor O.Səmədovdur.
Kitaba AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova giriş sözü yazıb.
Nəşrdə akademik Cəlal Əliyevin rəhbərliyi altında və birbaşa iştirakı ilə təbii şəraitdə təbii və süni radionuklidlərlə aparılan çoxillik tədqiqatların və müşahidələrin nəticələri yer alıb. Monoqrafiyada əsas torpaq tiplərində Stronsium -90, Sezium -137, Uran-238 və Torium -232 radionuklidlərinin müxtəlif formalarının nisbətlərinə dair məlumatlar verilib, bir çox kənd təsərrüfatı bitkilərində Stronsium -90 və Sezium -137 radionuklidlərinin toplanmasının mümkünlüyü proqnozlaşdırılıb. Bitkiçilik məhsullarında təbii və süni radionuklidlərin toplanmasını azaltmaq istiqamətində aqrokimyəvi tədbirlər nəzərdən keçirilib. Göstərilib ki, mineral gübrələrin şum altına artan normada verilməsi məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, bir çox kənd təsərrüfatı bitkilərində (payızlıq buğda və arpa, soya və noxud) süni və təbii radionuklidlərin miqdarının xeyli dərəcədə azalmasına səbəb olur.
Qeyd edək ki, kitab bu sahədə işıq üzü görən dördüncü nəşrdir. Keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanda torpaq-bitki örtüyündə uzunömürlü 90 Sr və 137 Cs nuklidlərinin paylanma qanunauyğunluqlarının öyrənilməsinə başlanılıb, bitkilərin mümkün çirklənmə proqnozları müəyyənləşdirilib və praktik təkliflər işlənilib hazırlanıb. Alınan nəticələr əsasında Moskvada “Nauka” və “Rosselxozakademiya” nəşriyyatlarında, Azərbaycanda “Elm” nəşriyyatında fundamental monoqrafiyalar çap olunub.
Kitabdan radiobioloqlar, radioekoloqlar, torpaqşünaslar, universitetlərin aqrar və biologiya fakültələrinin tələbələri, radioloji xidmətin əməkdaşları istifadə edə bilərlər.