CƏMİYYƏT
Bir gecədə 12 avtomobilin yan şüşəsini sındıraraq nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındıraraq avtomobillərin salonlarından pul və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsinə və 25-ci polis şöbəsinə müraciət edərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb olunmasını xahiş ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Həmin oğurluqları törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Elgün Şirinzadə Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindən qaçmaq istəyərkən Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutularaq 25-ci polis şöbəsinə təhvil verilib.
Araşdırma zamanı Elgün Şirinzadənin mayın 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyənləşdirilib. Bundan başqa, onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni üsulla oğurluq etdiyi məlum olub.
Elgün Şirinzadə barəsində 25-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə təqdim olunub. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.