İDMAN
Birinci Avropa Oyunları ilə bağlı qeydiyyatdan keçən mətbuat nümayəndələrinə müvafiq vəsiqələr təqdim olunub VİDEO
Bakı, 29 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı rəsmi qeydiyyatdan keçən mətbuat nümayəndələrinə mayın 29-da müvafiq vəsiqələr təqdim olunub.
Bununla bağlı keçirilən tədbirdə məlumat verən “Bakı-2015” Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin müdiri Ceyn Pirs bildirib ki, Oyunlar zamanı media nümayəndələri yalnız müəyyən qaydalar çərçivəsində video və fotoçəkilişlər apara bilərlər. O deyib ki, Azərbaycan Dövlət Televiziyası Oyunların yayım hüququna malikdir. “Bakı-2015”in rəsmi media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isə yarışlardan videogörüntüləri birbaşa yayıma qoşulmadan təqdim edəcək. Yayım hüququ olmayan media qurumları isə yalnız belə hüquqa sahib olan şirkətlərin videomateriallarından istifadə edə biləcək.
Diqqətə çatdırılıb ki, akkreditasiyası olan şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Qeydiyyatı olan media nümayəndələrinin Oyunlar zamanı keçiriləcək mətbuat konfransları və xüsusi müsahibələrdə iştiraklarına da icazə veriləcək.
Tədbirdə televiziya kanallarının Oyunlarda istifadə edəcəkləri videokameralara “Bakı-2015”in loqoları yapışdırılıb. Çəkiliş aparacaq videooperatorlara isə xüsusi jiletlər təqdim olunub.