MƏDƏNİYYƏT
“Bizi yurdumuza qaytarın” adlı sərgidə işğal edilmiş rayonlarımıza məxsus eksponatlar nümayiş olunub
Bakı, 27 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 27-də Muzey Mərkəzinin sərgi qalereyasında “Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, İstiqlal Muzeyi və Muzey Mərkəzinin təşkilati dəstəyi ilə reallaşıb.
Əvvəlcə dövlət himni səsləndirilib, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov sərgi-konfrans haqqında məlumat verib. Bildirib ki, erməni işğalı nəticəsində xeyli sayda muzey eksponatlarımız düşmən tərəfindən talan edilib, dağıdılıb. Həmin eksponatların kiçik bir qismini düşməndən xilas etmək mümkün olub. Bu muzey əşyalarının burada nümayiş olunmasında məqsəd insanlarımızın problemlərini onlara biganə yanaşan beynəlxalq təşkilatlara cansız əşyaların dili ilə çatdırmaqdır.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ermənistanın işğalı nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyan haqqında danışıb. Qeyd edib ki, belə bir sərgi ilk dəfədir nümayiş olunur. İşğala məruz qalmış rayonlarımızın muzeylərinin bir çoxu çətin şəraitə baxmayaraq, Bakıda və ölkəmizin müxtəlif rayonlarında öz fəaliyyətlərini davam etdirir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 11 dünya, 223 ölkə, 453 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 100 mindən çox eksponatın saxlanıldığı 22 muzey, 927 kitabxana, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi və digər mədəniyyət obyektləri işğal altında qalıb.
Nazir müavini vurğulayıb ki, erməni vandalizminin acı nəticələri ilə təkcə vətəndaşlarımız deyil, eyni zamanda, tarixi, mədəniyyət abidələrimiz də üz-üzə qalıb. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün və Natəvanın büstləri də vəhşicəsinə dağıdılıb. İndi həmin büstlər güllələnmiş heykəllər adı ilə Milli İncəsənət Muzeyində saxlanılır.
Vurğulanıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz inamını itirməyib. Biz inanırıq ki, yaxın vaxtlarda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar.
Sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Laçın rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Türkanə Nuruyeva və başqaları sərginin əhəmiyyətindən danışıblar. Onlar Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, bu təcavüzə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar. Sərgidə Kəlbəcər, Xocalı, Ağdam, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa Tarix-Diyarşünaslıq muzeylərinin fondlarına məxsus eksponatlar nümayiş olunub.