İQTİSADİYYAT
Biznes-inkubator rezidentləri istehsal müəssisələrində olublar
Bakı, 1 fevral, AZƏRTAC
Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes-inkubator rezidentlərinin təcrübə mübadiləsi məqsədilə Samuxda yerləşən "Bizim Ailə" MMC və "Aqro-Enerji" MMC-yə, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes-inkubator rezidentlərinin isə Bakının Türkan qəsəbəsindəki "Türkan-Aqro" MMC-yə səfərləri təşkil edilib. Səfərlər İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən "Xüsusi iqtisadi zonaların idarə olunmasına dəstək" layihəsi çərçivəsində baş tutub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş səfərlərdə biznes-inkubator rezidentlərinə həmin müəssisələrin istehsal infrastrukturu, kadr potensialı, marketinq siyasəti, məhsulları və s. barədə məlumat verilib.
Biznes-inkubator rezidentləri, həmçinin müəssisələrdə istehsal prosesi ilə tanış olublar.
"Türkan-Aqro" MMC-yə səfər çərçivəsində biznes-inkubator rezidentləri üçün istixanaların yaradılması və idarə edilməsi mövzusunda treninq keçirilib.