İDMAN
Boks yarışlarının yarımfinalında Azərbaycanın 11 idmançısı mübarizə aparacaq [YENİLƏNİB] VİDEO
Abdulqadir Abdullayev (91 kq) fransalı rəqibi Pol Omba Bionqolonu 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Almaniyalı Albon Pərvizaj və rusiyalı Sadam Maqomedov görüşünün qalibi olacaq.
Beləliklə, Azərbaycan yığması yarımfinalda 11 boksçu - 2 qadın, 9 kişi idmançı ilə təmsil olunacaq.
21:48
Azarkeşlərə daha bir qələbə sevincini gənclər arasında Avropa çempionu Pərviz Bağırov yaşadıb. Almaniyalı Abas Baraoudan 3:0 hesabı ilə üstün olan idmançımız növbəti mərhələdə Böyük Britaniya boksçusu Yoş Kelliyə rəqib olub.
20:37
İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq) da yarımfinala yüksəlib. Rumıniyalı Daniel Nikulesku ilə qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan təmsilçimiz ən azı bürünc medalı təmin edib. Növbəti mərhələdə onun rəqibi Ukrayna idmançısı Viktor Petrov olacaq.
19:34
Avropa çempionu, dünya çempionatının mükafatçısı Yelena Vıstropova (60-64 kq) dörddəbir finalda Böyük Britaniya idmançısı Sandi Rayana 1:2 hesabı ilə məğlub olaraq birinci Avropa Oyunlarında çıxışını dayandırıb.
18:32
“Baku Crystal Hall”da keçirilən boks yarışlarının səkkizinci gününün ikinci yarısı start götürüb.
Rinqə əvvəlcə 51-54, 57-60 və 60-64 kiloqram çəki dərəcələrində qadın idmançılar çıxacaqlar. Azərbaycan 60-64 kiloqram çəki dərəcəsində Avropa çempionu, dünya çempionatının mükafatçısı Yelena Vıstropova ilə təmsil olunacaq. O, yarımfinala gedən yolda Böyük Britaniya idmançısı Sandi Rayan ilə üz-üzə gələcək.
Kişi boksçularımızdan isə ikiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq), gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) yarımfinala adlamaq üçün mübarizə aparacaqlar. Onlar müvafiq olaraq rumıniyalı Daniel Nikulesku, almaniyalı Abas Baraou və fransız Pol Omba Bionqolo ilə qarşılaşacaqlar.
Günün ikinci yarısında yeddi çəki dərəcəsində ümumilikdə 16 görüş keçiriləcək.
15:13
Boks yarışlarının səkkizinci gününün ilk yarısına irlandiyalı Din Volş ilə almaniyalı Kastriot Sopanın qarşılaşması ilə yekun vurulub.
Yarımfinal uğrunda döyüşlərdə 51-54 və 60-64 kiloqram çəki dərəcələrində qadın, 52, 60 və 64 kiloqramlarda isə kişi boksçular iştirak ediblər.
Bu gün Azərbaycan boksçularından ikisi artıq yarımfinala yüksəlib. Əvvəlcə, yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı mübarizədən kənarlaşdırıb. Görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə nəticələnib.
Daha sonra rinqə Albert Səlimov (60kq) çıxıb. Təmsilçimiz bu dəfə bolqarıstanlı Elian Dimitrova heç bir şans verməyib - 3:0.
Səhər seansında qadınların mübarizəsində Rusiya, İtaliya və Polşa, kişilərin yarışında isə Slovakiya, İtaliya (2 idmançı), İrlandiya və Almaniya boksçuları yarımfinala vəsiqə qazanıblar.
14:25
Azərbaycan boksçusu Albert Səlimov (60) qızıla doğru daha bir addım atıb. Bu dəfə bolqarıstanlı Elian Dimitrov idmançımız qarşısında aciz qalıb. Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan təmsilçimiz yarımfinala yüksəlib.
13:35
Daha bir qadın boksçumuz yarımfinala adlayıb. Yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə keçib. Görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə nəticələnib.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər arenada qarşılaşmanı izləyiblər.
13:32
Bakı, 23 iyun, A.Yadigarov. S. Allahverdiyeva, AZƏRTAC
İyunun 23-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının səkkizinci gününə qadın idmançıların mübarizəsi ilə start verilib.
AZƏRTAC xəbər verir ki, bu gün dörddəbir final mərhələsində 51-54, 57-60, 60-64 kiloqram çəki dərəcəsində qadın, 52, 60, 64, 69 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular mübarizə aparacaqlar.
Bu gün Azərbaycanın iki qadın və dörd kişi boksçusu rinqə çıxacaq. İdmançılarımızdan ilk olaraq mübarizəyə 51-54 kiloqramda təmsil olunan Anna Əlimərdanova qoşulacaq. Onun rəqibi bolqarıstanlı Stanimira Petrovadır.
Səhər seansında kişi boksçularımızdan Albert Səlimovun (60 kq) çıxışı maraqla gözlənilir. İdmançımız Bolqarıstan təmsilçisi Elian Dimitrov ilə qarşılaşacaq.
Digər boksçularımız isə rinqə axşam saatlarında çıxacaqlar. Qadınların mübarizəsində ölkəmiz bu dəfə 60-64 kiloqram çəki dərəcəsində Avropa çempionu, dünya çempionatının mükafatçısı Yelena Vıstropova ilə təmsil olunacaq. O, yarımfinala gedən yolda Böyük Britaniya idmançısı Sandi Rayan ilə üz-üzə gələcək.
Kişi boksçularımızdan isə Kollazo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) yarımfinala adlamaq üçün mübarizə aparacaqlar. Onlar müvafiq olaraq rumıniyalı Daniel Nikulesku, almaniyalı Abas Baraou və fransız Pol Omba Bionqolo ilə qarşılaşacaqlar.
Bu gün səkkiz çəki dərəcəsində ümumilikdə 26 görüş keçiriləcək.