ELM VƏ TƏHSİL
Bölgələrdə 1000-dək uşaq məktəbəqədər təhsilə cəlb edilib
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvar ayının birinci yarısında bölgələrdə icma əsaslı uşaq təhsil mərkəzləri fəaliyyətə başlayıb.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyətə başlayan icma əsaslı uşaq təhsil mərkəzləri Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.
Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla, ümumilikdə 50 icma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Hər mərkəzdə orta hesabla iyirmi nəfər 3 və 4 yaşlı uşaq olmaqla, ümumilikdə 1000-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla, həftədə 4 dəfə təşkil edilir. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram vəsaiti əsasında keçirilir.
“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi üzrə işlərin 2020-ci ilin ilk yarısına qədər davam etdirilməsi nəzərdə tutulur.