CƏMİYYƏT
Bolqarıstan nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə görüşüb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Vüqar Süleymanov Agentliyin tarixi, fəaliyyəti, icra edilən humanitar minatəmizləmə əməliyyatları və işğaldan azad olunan ərazilərdə mövcud mina təhlükəsi haqda məlumat verib.
Qeyd edilib ki, Bolqarıstan nümayəndə heyətinin regiona səfəri nəzərdə tutulub. Səfər çərçivəsində nümayəndə heyəti Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, həmçinin ərazilərin yüksək səviyyədə çirkləndirilməsi faktlarını yerlərdə müşahidə edəcək.