ELM VƏ TƏHSİL
Botanika İnstitutu alimlərinin məqaləsi “Web of Science” bazasına daxil olan jurnalda yer alıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Botanika İnstitutunun baş direktoru, Etnobotanika şöbəsinin müdiri professor Səyyarə İbadullayeva, aparıcı elmi işçilər, dosentlər Nuri Mövsümova və Gülnarə Şirəliyevanın həmmüəllifliyi ilə “Qıjıkimilər: Etnobotaniki istifadəsi, aktiv kimyəvi tərkibi” (Pteridophytes: Ethnobotanical use and active chemical composition) adlı məqalə “Indian Journal of Traditional Knowledge” nəşrində dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məqalədə göstərilib ki, bitkilərin ilk yaranmışlarından hesab edilən ali sporlu bitkilər kimi qıjıkimilərin etnobotaniki istifadəsi çox uzaq tarixlə bağlıdır. Onların əksəriyyəti dərman bitkisi kimi dünyanın bir çox ölkələrində etnik qruplar arasında geniş tətbiq olunur. Hətta bəzi növlər rəsmi farmakopeyaya daxil olub. Tədqiqatların məqsədi Azərbaycan florasında yayılmış qıjıkimilərin etnobotaniki xüsusiyyətlərinin öyrənilməsi, dərman bitkisi kimi aktiv farmakoloji tərkiblərinin və təsirlərinin müəyyən edilməsi olub.
Müəlliflər araşdırmalar zamanı Azərbaycan ərazisində yayılmış qıjıların dərman kimi potensial xüsusiyyətlərini müəyyən etməyə, onlardan hansı xəstəliklərin müalicəsində istifadənin daha yararlı olacağını aydınlaşdırmağa çalışıblar. Nəticələr göstərir ki, qıjılardan alınmış metabolik birləşmələr antibakterial, antihelmint, antivirus, antioksidant və bəlğəmgətirici təsirə malik yeni dərman preparatların və ya yeni qarışıqların hazırlanmasında başlıca rol oynaya bilər.