SİYASƏT


Böyük Britaniya Kraliçası II Elizabetin təvəllüd günü münasibətilə Bakıda qəbul təşkil olunub

Bakı, 7 iyun, AZƏRTAC 

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin təvəllüd günü münasibətilə Bakıda qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səslənib.

Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerol Krofts Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsinin əlamətdar hadisə olduğunu söyləyib. O, ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib.

Energetika naziri Pərviz Şahbazov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə Britaniya xalqını təbrik edib. Nazir bildirib ki, iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında davam edən əlaqələrin tarixi 26 ildən çoxdur. Əlaqələrimiz enerji və qeyri-enerji sektoru daxil olmaqla, bir sıra sahələri əhatə edir. Britaniya Azərbaycanda ən böyük investordur. Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir. Bu yaxınlarda açılışı olan Cənub Qaz Dəhlizi əməkdaşlığımızda və qlobal enerji təminatında yeni üfüqlər açır. “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması, yeni yataqların kəşfi ilə bağlı nəzərdə tutulan tədbirlər tərəfdaşlıq əlaqələrimizin yeni səviyyəyə qalxmasına xidmət edəcək. Hər iki ölkə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq edir.

Nazir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Sonra Azərbaycanla Britaniya arasında əlaqələrdən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.