İDMAN
Braziliyada futbol üzrə XX dünya çempionatının “F” qrupunda mübarizə başa çatmışdır
Bakı, 25 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “F” qrupunda mübarizə başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Porto-Aleqri şəhərindəki
“Beyra-Rio” stadionunda Nigeriya və Argentina yığmaları qarşılaşmışlar.
İtaliyalı baş hakim Nikola Ritsolinin idarə etdiyi qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Argentina komandası Nigeriya millisini 3:2 hesabı ilə məğlub etmişdir.
Oyunda qolları cənubi amerikalıların heyətində görüşdə dubl edən Leonel Messi və Roxo vurmuşlar. Nigeriya millisinin heyətində isə Əhməd Musa fərqlənmişdir.
Salvador şəhərindəki “Fonte Nova” stadionunda keçirilən görüşdə isə eyni qrupda mübarizə aparan Bosniya və Herseqovina və İran yığmaları görüşmüşlər.
İspaniyalı baş hakim Karlos Velasko Karbalyonun idarə etdiyi görüşdə Bosniya və Herseqovina komandası rəqibini 3:1 hesabı ilə məğlub etmişdir. Qolları avropalıların heyətində Dzeko, Pyaniç və Vrşayeviç vurmuşlar. İran millisinin heyətində isə Reza fərqlənmişdir.
Beləliklə, “F” qrupunda keçirdiyi üç matçın hamısında qalib gələrək doqquz xal toplayan Argentina səkkizdəbir finala vəsiqəni təmin etmişdir. Dörd xalla qrup mərhələsini ikinci sırada tamamlayan Nigeriya yığması da səkkizdəbir finalda mübarizəni davam etdirəcəkdir. Bosniya və Herseqovina mərhələni üçüncü, İran millisi isə qrupu axırıncı pillədə başa vurmuşdur.