İDMAN
Bristol yarım marafonunun qalibi marşrutu səhv saldığına görə diskvalifikasiya olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Bristol yarım marafonunun qalibi Ömər Əhməd 10 kilometr məsafə üzrə yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçdiyinə görə diskvalifikasiya edilib. Yarışlar eyni vaxtda başlayıb və paralel keçirilib.
AZƏRTAC “The Great Run Company” nəşrinə istinadla xəbər verir ki, idmançının cəzalandırılmasına səbəb onun əvvəlcə 10 kilometrlik yarış üçün qeydiyyatdan keçməsinə baxmayaraq, rəsmi qatılmadığı yarım marafonda 21,1 kilometr məsafəni qaçması olub. Belə ki, Ö. Əhməd təsadüfən marşrutu səhv saldığına görə 21,1 kilometr məsafəni qaçaraq 1 saat 3 dəqiqə nəticə ilə qalib olub.
Bristol yarım marafonunun yeni qalibi isə 1 saat 7 dəqiqə nəticə ilə Kris Tompson elan edilib.
Bristolda 10 kilometr məsafəyə qaçış adətən yazda, yarımmarafon isə yayda keçirilir. Hər iki yarış keçən il koronavirus məhdudiyyətləri səbəbindən ləğv edilmişdi.