DÜNYA


Bu gün Bosniya və Herseqovinada “Məscidlər günü”dür

Sarayevo, 7 may, AZƏRTAC

1993-cü il mayın 7-də Bosniya və Herseqovinanın Banya Luka şəhərindəki Fərhadiyə məscidinin serb qüvvələri tərəfindən dağıdılmasından sonra 1998-ci ildən bəri hər il həmin tarix ölkədə “Məscidlər günü” kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, hadisənin 29-cu ildönümündə Bosniya və Herseqovinada “Məscidlər günü” çərçivəsində tədbirlər keçirilir, ictimaiyyət Bosniya müharibəsi zamanı (1992-1995-ci illər) serb və xorvat qüvvələri tərəfindən dağıdılan yüzlərlə məscid və türbə barədə məlumatlandırılır.

Ötən illərdə Səudiyyə Ərəbistanı, İran, Malayziya, Türkiyə və İndoneziya kimi ölkələrin dəstəyi ilə müharibə dövründə Bosniya və Herseqovinada dağıdılan bir çox məscid yenidən inşa olunub, az sayda tarixi məscidin təmiri və ya yenidən qurulması davam etdirilir.

Bosniya və Herseqovina Dini İşlər İdarəsinin məlumatına görə, 1992-1995-ci illərdəki müharibədə ölkədə 614 məscid, 69 Quran kursu, 37 türbə və 405 müxtəlif məbəd dağıdılıb. Serb qüvvələrinin nəzarətində olan ərazilərdə 534 məscid, xorvat qüvvələrinin nəzarətində olan ərazilərdə isə 80 məscid dağıdılıb. Ölkədə müharibədən əvvəl mövcud olan 1144 məscidin 80 faizi dağıdılıb və ya zədələnib. Dağıdılan məscidlər və digər dini məbədlərlə yanaşı, müharibə dövründə 100-dən çox imam öldürülüb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.