DÜNYA


Bu gün Brüsseldə Serbiya və Kosovo liderlərinin görüşü olacaq

Belqrad, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, görüş Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə baş tutacaq. Görüşdə Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da iştirak edəcək.

Aleksandr Vuçiç görüşdən əvvəl sülh və sabitliyi qorumaq üçün Brüsselə gedəcəyini bildirib. O, ölkəsinin heç kimi təhdid etmədiyi, yalnız beynəlxalq hüquqa riayət olunmasını təmin etmək istədiklərini deyib. Brüssel görüşünün nəticələri barədə heç bir fikri olmadığını deyən Serbiya Prezidenti bütün məsələləri müzakirə etməyə hazır olduqlarını vurğulayıb.

Albin Kurti isə Balkan regionunda mümkün münaqişə riski barədə xəbərdarlıq edib. O, müttəfiqləri və tərəfdaşları olan Böyük Britaniya, ABŞ, Almaniya, Fransa, İtaliya və digər ölkələrin köməyinə ehtiyac duyduqlarını bildirib.

Avropa İttifaqı (Aİ) görüşdən əvvəl hər iki tərəfi gərginliyi artırmamağa çağırıb. NATO-nun Baş katibi Yens Stoltenberq də Serbiya və Kosovonu gərginliyi artırmamağa səsləyib və NATO-nun sabitliyi qorumaq üçün müdaxiləyə hazır olduğunu bəyan edib.

Serbiya-Kosovo dialoq prosesi üzrə ekspertlər isə Brüssel görüşündən konkret nəticə gözləmədiklərini bildirirlər.

Qeyd edək ki, Serbiya və Kosovo rəhbərləri arasında son görüş 2021-ci ilin iyulunda keçirilib.

Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub, bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.