İDMAN
Bu gün birinci Avropa Oyunlarının dağ velosipedi idmanı üzrə qalibləri müəyyənləşib [YENİLƏNİB] VİDEO
Xəbər verdiyimiz ki, bu gün birinci Avropa Oyunları çərçivəsində kişilər arasında dağ velosipedi idmanı yarışları keçirilib.
İsveçrə velosipedçiləri idmanın bu növündə yarışlarda Fəxri kürsünün bütün pillələrini tutublar. Ən yüksək pilləyə Nino Şurter qalxıb, gümüş medalı Lukas Fluhiger qazanıb, ilk üçlüyü isə Fabian Giger tamamlayıb.
Qalibə və digər iki yerin sahibinə mükafatları Belçika Olimpiya Komitəsinin prezidenti Pyer-Olivye Bekkers təqdim edib.
İsveçrənin milli himni səslənib.
Mükafatlandırmadan sonra jurnalistlərin suallarına cavab verən medalçılar birinci Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər. İsveçrəli velosipedçilər bildiriblər ki, medalların üçünü də qazandıqları üçün çox xoşbəxtdirlər. Onlar Oyunların yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür ediblər.
18:54
Kişilər arasında dağ velosipedi idmanı yarışlarında fəxri kürsünün bütün pillələrini İsveçrə velosipedçiləri tutublar. Nino Şurter qızıl, Lukas Fluhiger və Fabian Giger müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.
16:31
Dağ Velosipedi Parkında kişilər arasında dağ velosipedi idmanı üzrə turnir start götürüb. Yarışda Azərbaycanı Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edirlər.
Trasa cəmi 45 idmançı çıxıb.
15:57
Bu gün birinci Avropa Oyunlarında qadınlar arasında dağ velosipedi idmanı üzrə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, 1.31.05 nəticə ilə finişə birinci gələn isveçrəli idmançı Jolanda Neff Avropa Oyunlarının ilk çempionu olub. İkinci yeri onun həmvətəni Katrin Strumeman qazanıb. Üçüncü yerə Yana Belomoina sahib olub. Qalibə və mükafatçılara medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Azərbaycanın gənclər və idman naziri, Avropa Oyunlarının Əməliyyat Komitəsinin direktoru Azad Rəhimov təqdim ediblər.
İsveçrənin milli himni səslənib.
Mükafatlandırmadan sonra jurnalistlərin suallarına cavab verən J.Neff yarışlar barədə təəssüratlarını bölüşüb. Birinci Avropa Oyunlarının ilk qızıl medalının sahibi olduğu üçün özünü xoşbəxt saydığını bildirən velosipedçi Oyunlarının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür edib.
14:36
1.5 kilometr məsafəyə qadınların yarışının birinci mərhələsindən sonra ukraynalı Yana Belomoina lider olub.
Polşalı idmançı Maja Loskovskaya 5,9 kilometr məsafəni əhatə edən ikinci mərhələdə irəli çıxıb. Sonrakı mərhələlərdə Y.Belomoina və isveçrəli idmançı Jolanda Neff liderlik ediblər. 1.31.05 nəticə ilə finişə birinci gələn isveçrəli idmançı Avropa Oyunlarının ilk çempionu olub. İkinci yeri onun həmvətəni Katrin Strumeman, üçüncü yeri Y.Belomoina tutublar.
12:34
Bakı, 13 iyun AZƏRTAC
Bu gün birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında dağ velosipedi idmanı üzrə qaliblər müəyyənləşəcək. Yarışlarda ölkəmizi Ülfət Nəzərli, Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edirlər.
Yarışlarda 27 qadın və 45 kişi velosipedçi iştirak edir.