İDMAN
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək
Bakı, 24 avqust, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, 2019-2020-ci il mövsümünün ikinci turunun görüşləri üç gündə keçiriləcək. Tura bu gün keçiriləcək “Sumqayıt” - “Səbail” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da təşkil olunacaq.
Avqustun 25-də “Sabah” klubu “Keşlə” komandasını qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 18:45-də başlayacaq. Həmin gün oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 21:00-da start götürəcək.
Turun sonuncu oyunu “Zirə” və “Neftçi” klubları arasında olacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, birinci turda “Qəbələ” öz meydanında “Sumqayıt” klubuna (0:2), “Keşlə” isə “Qarabağ”a (0:1) məğlub olub. “Səbail” komandası öz meydanında “Zirə”ni minimal hesabla məğlub edib - 1:0. “Neftçi” – “Sabah” oyununda qalib müəyyənləşməyib -1:1.