İQTİSADİYYAT
Bu gündən 144 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilir
Bakı, 2 iyun, AZƏRTAC
Sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 2-dən 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə Sergey Yesenin döngə 2, Baba Əliyev 244, Yesenin 62, Mərdəkan 152, Qılman İlkin küçəsi, Zuğulba - Heydər Eyvazov küçəsi 1A, Buzovna qəsəbəsi - Şüvəlan yolu, Mustafa Sübhi 2, Rasim İmanov 24 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.