ELM VƏ TƏHSİL
Bu gündən EDU Forum təcrübə proqramı başlanır
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-dən Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının EDU Forum təcrübə proqramı başlanır.
T-Network platformasından AZƏRTAC-a bildirilib ki, proqramın əsas məqsədi təhsil müəssisələrinin müsbət təcrübələrini daha geniş auditoriyaya çatdırmaqdır. Proqram hər həftənin cümə günü saat 20:00-da Cəfər Mənsiminin təqdimatında T-Network platformasının feysbuk səhifəsindən yayımlanacaq.
EDU Forum təcrübə proqramının ilk qonağı 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova və 283 nömrəli məktəbin məzunu, Rainergy layihəsinin təsisçisi, “Forbes” jurnalının gənc araşdırmaçı siyahısına düşən ilk azərbaycanlı, BBC tərəfindən 2018-ci il üzrə seçilən dünyanın ən ilhamverici 100 qadınından biri, BP NetZero təqaüdçüsü, Reyhan Camalova olacaq.
Bu gün saat 20.00-da yayımlanacaq proqramın ilk buraxılışında effektiv öyrənmə mühiti ətrafında fikir mübadiləsi aparılacaq.