İQTİSADİYYAT
Bu il Azərbaycanda 40-a yaxın orta və iri sənaye müəssisəsi açılıb
Bakı, 25 dekabr, AZƏRTAC
Bu il Azərbaycanda 40-a yaxın orta və iri sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin gücü artırılıb, sənaye müəssisələrində ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.
Bu fikirlər İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə keçirilən sənaye müəssisələrinin nümayəndələrinin görüşündə səsləndirilib.
AZƏRTAC xəbər verir ki, “Sənaye müəssisələri və ətraf mühit” mövzusunda təşkil edilən tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov 2014-cü ilin Azərbaycanda “Sənaye ili” olduğunu xatırladıb, bu sahədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, sənaye müəssisələrinin ətraf mühitə mənfi təsiri nəzərə alınaraq dövlətimizin başçısı tərəfindən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar bir sıra tapşırıq verilib.
Nazir müavini vurğulayıb ki, bu tapşırıqların icrasını təmin etmək məqsədilə atmosferə tullantıların buraxılmasına nəzarət və monitorinq sistemi araşdırılıb, yeni təkliflər hazırlanıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılmasının prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, bu sahədə görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində sənaye müəssisələrinin nümayəndələrinin təklifləri dinlənilib, sənaye ekologiyasının vəziyyəti, tullantıların azaldılması məsələləri müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.