REGİONLAR
Bu il oğuzlu fermerlər 110 hektarda tütün yetişdirirlər
Oğuz, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Cari mövsümdə oğuzlu fermerlər 110 hektarda tütün yetişdirirlər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə ötən il rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə olaraq 12 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur.
Əvvəlki illər oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.
Xatırladaq ki, 2018-ci ildə Oğuz rayonunda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.