REGİONLAR
Bu il respublikaya 6 min kənd təsərrüfatı texnikası gətiriləcək
Yevlax, 12 may, AZƏRTAC
“Aqrolizinq” ASC-nin Yevlaxda keçirdiyi müşavirədə taxıl biçininə hazırlıq, pambığın becərilməsi, texnika, mineral gübrə və pestisidlərin təminatı məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, müşavirədə “Aqrolizinq” ASC-nin mərkəzi aparatının şöbə müdirləri, 9 regional nümayəndəliyin direktoru, mühəndis və mühasibləri, rayon bölmələrinin rəhbərləri və qabaqcıl mexanizatorlar iştirak ediblər.
“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Köçəri İmanov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov tədbirdə çıxış edərək, taxıl biçininə hazırlıq və taxıl yığan kombaynların texniki vəziyyəti, pambığın becərilməsi, texnika, mineral gübrə və pestisidlərlə təminat məsələlərindən danışıblar. Bildirilib ki, taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan 794 ədəd kombayn və fiziki şəxslərə verilən 700-ə yaxın kombayn biçinə hazırlanıb.
Diqqətə çatdırılıb ki, “Aqrolizinq” ASC-nin xətti ilə may ayının sonunadək ölkəmizə 20 min ton ammonium nitrat gübrəsi gətiriləcək. Bundan başqa, pambıqçılıqda zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizədə istifadə etmək üçün 228,1 ton dərman və peraparatların gətirilməsi nəzərdə tutulur. Hazırda 100 min litr herbisid gətirilərək, cəmiyyətin anbarlarına boşaldılıb.
“Aqrolizinq” ASC-nin rayon bölmələrinin anbarlarında 8493 ton ammofos, 9133 ton ammonium nitrat, 647 ton ammonium sulfat, 1030 ton kalium sulfat, 5798 ton karbamid, 5380 ton nitroammofoska, 437 ton superfosfat gübrələri var.
Qeyd edilib ki, rayon Kənd Təsərrüfatı MMC-lərdə 18 min 433 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulur. Artıq 15 min 86 hektarda səpin həyata keçirilib. “Aqrolizinq” ASC-nin texnikaları ilə 35 min 462,8 hektarda şum, 2336,2 hektarda arx, 950,7 hektarda diskləmə, 3381,6 hektarda mala, 2805,9 hektarda səpin, 66 hektarda cərgə arası becərmə işləri görülüb. Hazırda bu istiqamətdə işlər davam edir. 2017-ci ildə pambığın becərilməsi üçün 6 min ədəd texnika sifariş verilib. Artıq bu günədək ölkəyə 1973 ədəd texnika gətirilib.
Müşavirədə taxıl biçininə hazırlıq, pambığın becərilməsi, texnika, mineral gübrə və pestisidlərin təminatı məsələləri ilə işin səmərəli təşkili üçün tövsiyə və tapşırıqlar verilib.