İQTİSADİYYAT
Bu ilin səkkiz ayında Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 94 milyon dollar olub
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu ilin səkkiz ayında Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 94 milyon dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Departament rəhbəri qeyd edib ki, bu müddətdə Azərbaycan Respublikasının ixracı 12,9 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixrac 131 milyon dollar və ya 14 faiz artıb. Cari ilin yanvar-avqust aylarında Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon dollar ixrac dəyəri ilə liderliyini qoruyub. Avqustda isə qeyri-neft sektoru üzrə ixrac 125 milyon dollar təşkil edib.