MƏDƏNİYYƏT


Sarayevo Film Festivalının qalibləri açıqlanıb

Sarayevo, 20 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtında keçirilən 28-ci Sarayevo Film Festivalının qalibləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, xorvat rejissor Yuray Lerotiçin “Təhlükəsiz məkan” filmi “Ən yaxşı bədii film”, serbiyalı rejissor Srdyan Kecanın “İnqilab muzeyi” filmi isə “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb. “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə mükafatı macar rejissor Balazs Turainin “Amok” filmi, “Ən yaxşı tələbə filmi” nominasiyasında xorvatiyalı Yosip Lukiç və Klara Sovaqoviçin çəkdikləri “Ağcaqanadlar üçün soyuq deyil” filmi qazanıb.

Ukraynalı rejissor Maryina Er Qorbaç “Klondayk” filmi ilə “Ən yaxşı rejissor”, Yuray Lerotiç “Təhlükəsiz məkan” filmindəki roluna görə “Ən yaxşı aktyor”, Viki Krieps isə “Korset” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyalarında mükafatları əldə ediblər.

Qeyd edək ki, avqustun 12-dən 19-dək davam edən festival çərçivəsində “bədii filmlər” kateqoriyasında 8, “qısametrajlı filmlər” kateqoriyasında 10, “sənədli filmlər” kateqoriyasında 22 və “tələbə filmləri” kateqoriyasında 11 film nümayiş etdirilib. Builki festivalda 20 filmin dünya, 8 filmin beynəlxalq, bir filmin Avropa, 21 filmin regional, bir filmin isə Bosniya və Herseqovina premyeraları keçirilib.

Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin izlərini silmək, paytaxt Sarayevonu yenidən mədəniyyət və incəsənət mərkəzinə çevirmək üçün təşkil edilən Sarayevo Film Festivalına bu illər ərzində dünyaca məşhur bir çox kino ulduzu qoşulub. Həmin məşhurlar sırasında Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum və başqaları var.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.