ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə yaxşılaşıb
Bakı, 4 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, IX siniflər üzrə imtahanlarda 104 min 476 nəfər məzun iştirak edib. Məzunların 70 min 262-si və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötənilki göstəricidən 2,7 faiz daha yaxşıdır.
XI siniflər üzrə imtahanlarda 84 min 589 məzun iştirak edib. Onlardan 54 min 704-ü və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötənilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb. Ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün altı suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb yeddi doğru cavabadək artırılıb.
IX sinif imtahanlarının nəticələri son dörd ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizədək yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası qrafikdə göstərilib.
Təhsil nazirinin “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” əmrinə əsasən 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişafyönlü tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, bu rayonlar üzrə məzunların nəticələri əsaslı şəkildə yaxşılaşıb. Ötən illə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə doqquz faiz artım müşahidə edilib. Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə yeddi faiz müsbət dinamika qeydə alınıb.
Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərin, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub.
Buraxılış imtahanlarının nəticələri hər il olduğu kimi, müxtəlif parametrlər üzrə təhlil ediləcək və nəticələr ictimaiyyətə çatdırılacaq.