CƏMİYYƏT
Burun qanaxmaları
Bakı, 8 dekabr, AZƏRTAC
Otolarinqologiyada ən çox rast gəlinən şikayətlərdən biri burun qanaxmalarıdır.
Bu barədə AZƏRTAC-a məlumat verən akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova qeyd edib ki, lokalizasiyasına görə burun qanaxmaları ön və arxa qanaxmalarına bölünür: “Ön burun qanaxmalarına daha çox uşaq və yeniyetmələrdə rast gəlinir. Burunun həmin hissəsində kapilyarlar nazik və səthi olur. Ona görə də burun təmizləmə zamanı, uşaqlar burunları ilə oynayanda, hətta yüngül toxunuş zamanı da qanaxma baş verə bilər. Ön burun qanaxmaları quru iqlim şəraitində, həmçinin qış aylarında otaq havasının isti, rütubətin isə az olması ilə əlaqədar burunun selikli qişasının quruması nəticəsində də yaranır. Onun qarşısını almaq üçün az miqdarda yumşaldıcı krem və ya damcılardan istifadə etmək olar.
Arxa burun qanaxmaları daha çox ortayaşlı və xüsusən də hipertoniya xəstəliyi olanlarda, həmçinin üz nahiyəsinin travmaları zamanı rast gəlinir. Adətən xəstəlik dərində yerləşən iri damarların zədələnməsi nəticəsində baş verir. Qan burunun həm ön hissəsinə, həm də burun-udlaq vasitəsilə boğaza və ağız boşluğuna axır. Qanaxmanın intensivliyi ön burun qanaxmalarına nisbətən daha çox olur”.
Burun qanaxmaları barədə göstərilməli ilk yardım barədə danışan həkim-otolarinqoloq deyib: “Ön burun qanaxmalarında burunun ön yumşaq hissəsi baş barmaqla digər iki barmaq arasında sıxılaraq təzyiq göstərilir və 8-10 dəqiqə saxlanılır. Burundan gələn qanın boğaza axmaması üçün dik oturmaq və başı önə əymək lazımdır. Qanaxmanı tampon qoymaqla da dayandırmaq mümkündür. Qan dayanandan sonra tampon çıxarılır və yumşaldıcı krem çəkilir. Arxa burun qanaxmalarında müalicə xəstəxana şəraitində aparılmalıdır”.
Həkim-otolarinqoloq qanaxmanı dayandırmaq üçün bir neçə sadə üsulu da göstərib: “50 qram nar qabığı 2-3 stəkan suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra pambıq həmin suda isladılaraq buruna tampon qoyulur. Bundan başqa pambıq alma sirkəsində isladılır və ehmalca buruna yerləşdirilərək azı 10 dəqiqə saxlanılır. Reyhanın sıxılaraq suyunun 1-2 damcı buruna damızdırılması da faydalıdır. Buruna 1-2 damcı keşniş yağı, cəfəri bitkisinin suyu və yağının damızdırılması, gicitkən suyu sıxılması, pambığın limon suyuna batırılaraq buruna qoyulması da qanaxmanı dayandırmağa kömək edir”.